Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il 13 noyabr tarixli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilib.


Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2018-ci il tarixli və 22 may 2018-ci il tarixli sərəncamlarına əsasən, müvafiq dövlət orqanlarının balansında fəaliyyət göstərən laboratoriyalar, avadanlıqlar, inzibati binalar və ştat vahidləri Agentliyin balansına verilib. Nəticədə qida təhlükəsizliyi sahəsində vahid yanaşma tətbiq etməklə, yeni mərkəzləşdirilmiş idarəetmə forması yaradılıb. Bakıda və regionlarda ən müasir avadanlıqlarla təchiz edilmiş, ən mürəkkəb təhlilləri aparmağa imkan verən 16 laboratoriyadan ibarət şəbəkə formalaşdırılıb.

Agentliyin məqsədi əhalinin sağlam və təhlükəsiz qida ilə təmin edilməsi və bununla da qida mənşəli xəstəliklərin əhəmiyyətli dərəcədə azalması, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsi və inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmaqdan ibarətdir.

Agentlik qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində qeydiyyat və təsdiq, idxal sağlamlıq aktı, sağlamlıq, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini həyata keçirir. Əsas missiya qida zəncirinin bütün mərhələlərində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatların təhlükəsizliyi, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində dövlət nəzarətini, habelə dövlət siyasətini və tənzimləməni həyata keçirməkdən ibarətdir. 

Agentlik fəaliyyətini şəffaflıq və hesabatlılıq, qərəzsizlik və bitərəflik, sahibkarlarla tərəfdaşlıq, istehlakçı mənafeyinin üstünlüyü, innovativlik, səmərəlilik və nəticəyönümlülük, risk əsaslı yanaşma və beynəlxalq tələblərə uyğunluq prinsipləri üzərində qurub.

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində normativ tənzimləmə, idxal sağlamlıq aktı, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi, qida təhlükəsizliyi ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi, qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi, dövlət nəzarəti və əlaqələndirmə, qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması, texniki normativ hüquqi aktların tələblərinə uyğunluq qiymətləndirilməklə təsdiqinin həyata keçirilməsi, Qida Təhlükəsizliyi Reyestrinin aparılması və qida zənciri boyu risk əsaslı nəzarətin aparılması Agetliyin fəaliyyət istiqamətləridir.

Agentlik Aparat, 13 regional bölmə və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan ibarətdir. Aparatda 150, regional bölmələrdə isə 900 ştat vahidi çalışır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxs statusunda yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli Qərarına əsasən, İnstitutun Nizamnaməsi təsdiq edilib.

Məqsəd əldə olunmuş bilik və bacarıqlardan düzgün istifadə, qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların, norma və qaydaların tələblərini nəzərə almaqla, insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə elmi-praktiki araşdırmalar və tədqiqat işləri aparılır, normativ hüquqi aktların layihələri hazırlanır. Beynəlxalq standartların tətbiq edilməsi istiqamətində təlimlər təşkil olunur, qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laborator müayinələr və ekspertiza xidmətləri göstərilir.

İnstitutun missiyası qida təhlükəsizliyi sahəsinin elmi əsaslarını işləyib hazırlamaq, bu sahədə elmi, texniki və praktiki məsləhət xidmətlərinin verilməsini həyata keçirmək, laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə tədqiqatların aparılması ilə əlaqədar xidmətləri təşkil etmək, yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma işlərinin aparılmasına kömək göstərməkdir.

AQTİ-nin faəliyyəti ilə tanış olan bir sıra dövlət nümayəndələri və beynəlxalq təşkilatların nümayəndələri burada yaradılan şəraiti yüksək qiymətləndirib, laboratoriyalarda ən müasir texnologiyaların tətbiq olunduğunu qeyd ediblər. Hazırda bəzi dövlətlər müasir laboratoriyaların qurulması işində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir.

 


Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Video
Satışda olan yağ məhsullarına necə nəzarət edilir?

Satışda olan yağ məhsullarına necə nəzarət edilir?