Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirdiyi nəzarət tədbirləri zamanı 23,6 ton dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb. ABŞ-nin “LAMEX FOODS INC.” şirkətinin istehsalı olan və “Universal-SVS” MMC tərəfindən idxalı nəzərdə tutulan məhsulun daşınması zamanı temperatur rejiminin pozulduğu, korlanma əlamətlərinin olduğu, qan yığıntılarının və axıntılarının mövcudluğu, həmçinin orqanoleptik göstəricilərinin tələblərə uyğun olmadığı müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqlar nəzərə alınaraq məhsulun məhv edilməsi barədə qərar qəbul olunaraq, 23,6 ton hind quşu əti müvafiq qaydada məhv edilib. Beləliklə, Azərbaycan–Gürcüstan dövlət sərhədində yerləşən “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulun ölkə ərazisinə idxalının qarşısı alınıb. Daha ətraflı:
Noyabrın 5-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsinin müavini Nabil Gangi və FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb. Görüşdə AQTA və FAO arasında mövcud əməkdaşlığın nəticələri, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində FAO ilə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə qida təhlükəsizliyi nəzarətinin rəqəmsallaşdırılması, heyvanların identikləşdirilməsi, izlənəbilənlik sisteminin inkişafı, laboratoriya potensialının gücləndirilməsi, sərhəd-keçid məntəqələrində nəzarət infrastrukturunun yaradılması və HACCP sisteminin tətbiqinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bununla yanaşı, qida istehlakı məlumat bazasının ölkə miqyasında genişləndirilməsi, Azərbaycanın Kodeks Koordinasiya Komitəsinin Avropa regionu üzrə növbəti koordinatoru rolunun dəstəklənməsi, qida təhlükəsizliyində süni intellekt və böyük verilənlər (Big Data) texnologiyalarının tətbiqi, risklərin təhlili sahəsində təcrübə mübadiləsi, eləcə də 2027-ci ildə Bakıda keçiriləcək Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) tədbirlərinə FAO-nun ekspert və institusional dəstəyi məsələləri müzakirə olunub. Görüşdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ukraynadan idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb. Belə ki, “Qədiroğlu” MMC tərəfindən idxal edilən, Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də istehsal olunan "Lyuks Golden Ratne 81,5%, 5 kq" əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müayinələr zamanı məhsul partiyasında uyğunsuzluq aşkar edilib. Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib. Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan “Renet” müəssisəsinin istehsalı olan yağ məhsulunda da uyğunsuzluq (3-monoxlorpropan1,2-diol (3-MCPD)) aşkarlandığı üçün Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair (ixracın dayandırılması) müraciət ünvanlanıb.
14–25 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə ərazisində arı xəstəliklərinə qarşı epizootoloji monitorinq keçirilib. Respublika üzrə 61 rayon və şəhəri, həmçinin 279 kənd və qəsəbəni əhatə edən tədbirlər çərçivəsində ümumilikdə 842 arıçılıq təsərrüfatında 21522 arı ailəsinin klinik vəziyyəti qiymətləndirilib. Monitorinqdə arılardan və pətəklərdən laborator müayinələr üçün 846 diaqnostik nümunə götürülüb. Eyni zamanda, təsərrüfat sahibləri arasında xəstəliklərin profilaktikası, biotəhlükəsizlik tədbirləri və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması ilə bağlı maarifləndirmə işləri aparılıb. Götürülmüş nümunələrə dair epizootoloji məlumatlar “Epicollect5” elektron məlumat bazasına daxil edilib. Aparılan laborator müayinələrin nəticələrinə əsasən, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, Tropilaelaps gənələri və varroatoz xəstəliklərinə yoluxma halı qeydə alınmayıb.
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunan iki adda bioloji aktiv qida məhsulunun (BAQM) laborator müayinələri aparılıb. Müayinələr zamanı “Baku Pharm” MMC-nin idxal etdiyi, “Honor İlaç Sanayi Ve Ticaret Ltd Şti” müəssisəsinin istehsalı olan 5059 ədəd “Nosetin” əmtəə nişanlı məhsulun (istehsal və son istifadə tarixləri: 01.10.2025–01.10.2028, partiya nömrəsi: HNRNTN2) tərkibində “L-carnitine” və “Citicoline” maddələrinin miqdarının normadan aşağı olduğu müəyyən edilib. Həmçinin, “EN Life Group” MMC-nin idxal etdiyi, “Aspar İlaç Kozmetik Gida Sanayi A.Ş.” müəssisəsinin istehsalı olan 5000 ədəd “Magintens” əmtəə nişanlı BAQM-da (istehsal və son istifadə tarixləri: 01.04.2026–01.04.2029, partiya nömrəsi: MS 00501) “Vitamin B2” və “Maqnezium bisqlisinat + maqnezium sitrat”ın miqdarının normadan aşağı olduğu aşkarlanıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb və məhv olunması təmin edilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyaların texniki səriştəliliyini obyektiv qiymətləndirmək və ölçmə nəticələrinin qarşılıqlı uyğunluğunu təmin etmək məqsədilə növbəti səriştəlilik sınağını elan edir. Bu dəfəki sınaq qida məhsullarında yağlılıq, nəmlik və kül parametrlərinin təyini üzrə keçiriləcək. Səriştəlilik sınaqları ISO 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi – Səriştəlilik sınaqlarına ümumi tələblər” beynəlxalq standartı əsasında təşkil olunur; qiymətləndirmə də həmin standartın tələblərinə uyğun aparılır. Sınaqda iştirak üçün son müraciət tarixi 25 noyabr 2026-cı ildir. Laboratoriyalar “Müraciət forması”nı doldurub info.pt@afsa.gov.az elektron ünvanına göndərməlidir. Sınaq proqramı və iştirakla bağlı sənədlərlə AQTİ-nin rəsmi internet səhifəsinin (www.afsi.gov.az) “Xidmətlər” bölməsindəki “Səriştəlilik sınaqları” alt bölməsində tanış olmaq mümkündür. Sınaq nəticələri İnstitutun saytında fərdi laboratoriya nömrələri ilə açıqlanacaq, nəticələrin konfidensiallığı isə tam qorunacaq. AQTİ bütün müvafiq laboratoriyaları bu mühüm sınaqda iştirak etməyə dəvət edir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə tədbirləri ilə bağlı videoçarx hazırlanıb. Agentlik əhalini 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan vuran zərərverici ilə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığının qışlama dövründə aşkar edilərək məhv edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə mübarizə tədbirlərinin aparılması zərərvericinin sayının azaldılmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına imkan verir. Daha ətraflı:
Sosial şəbəkələrdə “möcüzəvi arıqlama” vəd edən məhsulların piyləri əritdiyinə və qalıcı nəticə verdiyinə dair iddiaların elmi əsası yoxdur. Belə vasitələrdən istifadə zamanı tərəzidə müşahidə olunan çəki azalması piy kütləsinin deyil, əsasən bədəndəki suyun və əzələ kütləsinin itirilməsi ilə bağlı ola bilər. AQTİ-nin Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, diyetoloq İlqar Şamilov bildirir ki, elmi sübutlarla təsdiqlənməyən bu məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi risklər yarada bilər. Buna görə də qısa müddətdə arıqlama və ya orqanizmin tam təmizlənməsi vəd edən reklamlara aldanmaq olmaz. Bu cür məhsullardan istifadə etməzdən əvvəl onların tərkibi, istehsalçısı və təhlükəsizlik göstəriciləri mütləq yoxlanılmalıdır. Yalnız məşhurların tövsiyələrinə və sosial şəbəkələrdə paylaşılan “əvvəl və sonra” fotolarına inanaraq qərar vermək düzgün deyil. Arıqlama çayları sağlam həyat tərzini və fiziki aktivliyi əvəz etmir. Sağlamlığınızı qoruyun, sürətli nəticə naminə riskə getməyin!
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Multimedia
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Giriş